Martin bunların hamısını nə qədər çox götür-qoy edirdisə, qəlbində belə bir əqidəsi getdikcə daha da qüvvətlənirdi ki, bir tərəfdən bu advokatlar, zabitlər, biznesmenlər, bankirlər, digər tərəfdən isə fəhlə silkinə mənsub olan adamlar arasındakı bütün fərq onların müxtəlif cür yemələrinə, yaşamalarına və geyimlərinə əsaslanmışdır. Martinin kitablarda və öz daxilində tapdığı həmin əsas şey onların hamısına eyni dərəcədə çatışmırdı. Morzlar Martinə öz dairələrinin ən yaxşı, ən seçmə adamlarını göstərmişdilər, o isə buna heyran olmamışdı. Sələmçinin əlində yoxsul bir köləyə çevrilməsinə baxmayaraq, Martin Morzların qonaq otağında rastlaşdığı adamların hamısından bir boy yüksəkdə dururdu. Martin yeganə kostyumunu girovdan çıxardıb bu adamların yanına gələndə isə onların arasında çobanlar içərisində yaşamağa məcbur olan bir şahzadə kimi, öz ləyaqətinin tapdalandığını daim hiss edirdi.