kəs sənə qaçıb qurtulmağa kömək etməmişdir və bunda sənin günahın yoxdur. Sən özünün sakit aləmini qurmusan, işıq gələn bütün yollarını, termitlər elədiyi kimi, möhkəm-möhkəm bağlamısan. Sən yumaq kimi yumrulanmısan, özünün meşşan əmin-amanlığında, ətalətli adətlərində, üfunətli əyalət qaydasında büzüşüb qalmısan, sən bu miskin istinadgahı düzəldib, küləkdən, sahilə çırpılan dalğalardan və ulduzlardan gizlənmisən. Sən özünü böyük məsələlərlə çətinə salmaq istəmirsən, sənə onsuz da insan olduğunu unutmaq az əzab-əziyyətə başa gəlməmişdir, yox, sən fəzalarda dolaşan planet sakini deyilsən, sən cavabı olmayan sualları qarşına qoymursan, sən Tuluza şəhərinin vur-tut bir sakinisən. Heç kəs vaxtında səni tutub saxlamamışdır, indi isə çox gecdir. Sənin qayırıldığın palçıq qurumuş, daşa dönmüşdür, bəlkə də bir zaman səndə yaşamış olan